Qəbələ haqqında
Qəbələ rayonu
Qəbələ rayonu Azərbaycan Respublikasının şimal-qərb hissəsində, Şəki-Zaqatala iqtisadi rayonunun tərkibində yerləşən rayondur. 8 sentyabr 1930-cu ildə Azərbaycanın inzibati rayonlarından biri kimi yaradılıb. Ərazisi 1548.6 km2-dir. Rayonda bir şəhər (Qəbələ), 3 qəsəbə (Vəndam, Bum və Nic) və 60 kənd inzibati ərazi dairəsi var.
İdarə rayonda dövlətin gənclər və idman sahəsindəki siyasətini həyata keçirir. Rayonda 2853 nəfərə yaxın uşaq, yeniyetmə və gənc idmanın 12 (taekvondo, sərbəst-güləş, yunan-Roma güləşi, cüdo, boks, armrestlinq, gimnastika, futbol, voleybol, şahmat, stolüstü tennis, MMA qraplinq) növü üzrə məşğul olur. Həmin bölmələr rayon mərkəzində və bir sıra yaşayış məntəqələrində fəaliyyət göstərir.
Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi
10 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gənclər və İdman Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon gənclər və idman idarələrinin əsasında Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsi yaradılıb.
Qəbələnin idman infrastrukturu
Qəbələ Olimpiya İdman Kompleksi 2011-ci il noyabrın 17-də istifadəyə verilib. Şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılıb. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılıb. Əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir. İkimərtəbəli kompleksdə 744 nəfərlik idman zalı (48x24 m), 79 nəfər tamaşaçı tutumu olan üzgüçülük hovuzu (25x12.5 m), trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılıb. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunub. Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılıb.
Minifutbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 744 oturacaq quraşdırılıb. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılıb. Zallar müasir avadanlıqla təchiz olunub. Süni örtüklü açıq stadion (104x68 m) 1409 tamaşaçı tutumuna malikdir. Bundan başqa, burada minifutbol (40x20 m), tennis kortu (40x20 m), basketbol (36x19 m) və voleybol (36x19 m) meydançaları vardır. Kompleksin ərazisində hər cür şəraiti olan ikimərtəbəli üç kottec də inşa olunub. Hər kottecdə 8 yataq yeri var.
Qəbələ Olimpiya İdman Kompleksindən başqa rayonda "Qəbələ" İdman Klubu, “Qəbələ” Atıcılıq Klubu, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Qəbələ Rafting Mərkəzi fəaliyyət göstərir.